Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.
Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.
10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir. Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılır.
Təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.
Əməliyyat-taktiki təlimlərində qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılması tapşırıqlarını icra ediblər. Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.