“Ermənistan koronavirusa yoluxma hallarının artım tempinə görə dünya rekordu vurub. 16 mayda Ermənistanda koronavirus xəstələrinin sayı 4283 elan olundu. Bu o deməkdir ki, bir gündə 239 nəfər yoluxub”. Bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, 5,9% artım tempi deyəsən ya dünya rekordudur, ya da ən pis nəticələrdən biridir: “Müqayisə üçün həmin bu bir gündə yeni xəstələrin kəmiyyət artımının dünyadakı sayı ABŞ-da 2.2 faiz, Rusiyada 1.8 faiz, Türkiyədə 3.8 faiz, İranda 1 faizdən aşağı, Gürcüstanda 0.3 faiz, Azərbaycanda 1.5 faiz olub”.
Erməni mediası yazır ki, Ermənistanda epidemiya sürətlə davam edərkən, hökumət iqtisadiyyat sahələrini açmaqdadır. Koronavirus infeksiyası halları daha aşağı olduğu vaxt fövqəladə vəziyyət elan edildi. İndi yoluxmuş insanların sayı bir neçə dəfə çox olduğu bir vaxtda Paşinyan hökuməti, demək olar ki, bütün məhdudiyyətləri ləğv edərək, xalqın aqibətini taleyin ümidinə buraxır. Təsadüfi deyil ki, Ermənistanda infeksiyanın yayılması Gürcüstanla müqayisədə bir neçə dəfə çoxdur. Gürcüstanda virusa yoluxmuş insanların sayı 600-dən bir qədər artıq, Ermənistanda isə bu rəqəm mayın 19-na olan məlumata görə, 5041 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 64 nəfərə çatıb. Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 nəfərə çatmır, Ermənistanda isə ölənlərin sayı 64 nəfərdir. Göründüyü kimi, Ermənistanda koronavirusa yoluxanların kəmiyyət artımı bir sıra ölkələrlə müqayisədə daha çoxdur.
“Yoxsul ölkə olduğu üçün koronavirusla mübarizədə yetərli maliyyə vəsaitinə malik deyil”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistan əhalisinin sayı az olsa da, orada virusa yoluxanların dinamikası daha yüksəkdir: “Hansı ki, Ermənistan Cənubi Qafqazda əhalisinin sayına görə ən kiçik ölkədir. Ancaq virusa yoluxanların sayı daha çoxdur. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti pandemiya ilə effektiv mübarizə apara bilmir. Bunun bir neçə səbəbi var. Birincisi, bu, hakimiyyətin səriştəsizliyi ilə bağlıdır. Faktiki olaraq, Paşinyan hakimiyyəti pandemiyaya qarşı effektiv mübarizəni təşkil edə bilmir. İkincisi, Ermənistan yoxsul ölkə olduğu üçün koronavirusla mübarizədə yetərli maliyyə vəsaitinə malik deyil. Digər tərəfdən, ictimai nəqliyyatın hərəkəti iki ay əvvəl, ölkədə fövqəladə vəziyyət elan ediləndən sonra dayandırıldı. Fövqəladə vəziyyət rejimi iyunun 13-nə qədər uzadılıb, amma nəqliyyat yenidən işə düşüb ki, insanlar işə gedib-gələ bilsinlər. Erməni mediasının məlumatına görə, bağlanan bütün müəssisələrin işi bərpa olunub. İnsanlar işə piyada, taksi ilə, öz avtomobillərində və ya yolüstü maşınlarla getməli olurdular. Çünki ictimai nəqliyyat virusun yayılması üçün ən təhlükəli ocaq hesab edilir. Yoluxma risqinin minimuma endirilməsi üçün Ermənistan indi sərt qaydalar tətbiq edir. Bütün nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya edilməlidir, bütün sərnişinlər isə maska taxmalıdır. İndi Ermənistan hökuməti məhdudiyyətlərin minumuma endirilməsi və yeni davranış qaydalarının tətbiqi yolu ilə gedir. Məsələn, mayın 20-dən bütün qapalı məkanlarda, mayın 25-dən isə hər yanda maska taxmaq məcburi olacaq. Ancaq düşünmürəm ki, bu kimi tədbirlər ölkədəki virusayoluxma prosesini azalda bilsin”.
Vidadi ORDAHALLI