“Armenian Report” erməni portalı tərəfindən dərc olunan “Borcda qalmayacağıq” başlıqlı məqalədə Rusiya Prezidenti Vladimir Putin terrorizmdə ittiham olunur.
Məqalədə deyilir ki, ruslar Rusiya Federasiyasının hazırkı rəhbərliyi tərəfindən hansı cinayətlərin törədildiyini mütləq öyrənəcəklər: “Qeyd edirəm, söhbət elə bir ölkədən gedir ki, orada bir nəfər öz vətəndaşlarının evlərini uçuraraq hakimiyyətə gəlir və onun addımı qəhrəmanlaşdırılır. Ruslar Rusiya Federasiyasının hazırkı rəhbərliyi tərəfindən hansı cinayətlərin törədildiyini mütləq öyrənəcəklər, amma indi deyil, sonralar orada hakimiyyət dəyişdikdə. Bütövlükdə Rusiyada təxribatçı Markovun hansı “parlaq” epitetlərlə mükafatlandırılmasından danışmıram. Bu fakta və Rusiyanın qaz qiymətlərini qaldırmasına görə Rusiya Prezidenti Nikol Paşinyanla danışmaq istəmir və Azərbaycana təzyiq göstərmir (Rusiya Azərbaycana daha güclü Su-35 və MiQ-35 təyyarələrini təklif edir)”.
Müəllif belə nəticəyə gəlir ki, Ermənistan Rusiyadan qisas almalıdır: “Bununla birlikdə qarşılıqlı nəzakət imkanı hər zaman var. Rusiya Federasiyasındakı mövcud rəyin əksinə olaraq, Ermənistan özünün “müttəfiqi”nə cavab verə bilər. Sadəcə, tələsmirik. İntiqam, soyuq bir yemək kimi masaya qoyulur. Hər şeyin vaxtı var, əziz ruslar. Gözləyin, borc içində qalmayacağıq. Yaxşı, ruslar, qarabaşaq yarması, tuşonka və sursat yığın”.
Görünən odur ki, Ermənistanın bir sıra media orqanlarında Rusiya Prezidenti Vladimir Putinə yönəlik nifrət kampaniyası daha geniş vüsət almaqdadır. Hətta Rusiya Prezidentini terrorçuluqda belə ittiham etməkdən çəkinmirlər.
“İş o yerə gəlib çatıb ki, özlərinin strateji müttəfiqi hesab etdikləri ölkənin Prezidentini terrorizmdə ittiham edirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Elman Nəsirovun sözlərinə görə, erməni mətbuatında anti-Putin kampaniyası bir sıra məsələlərdən qaynaqlanır: “Nikol Paşinyanın hakimiyyətə gələndən sonra davranışı göstərirdi ki, onun hakimiyyətdə olduğu müddətdə Ermənistan-Rusiya münasibətləri gərgin olacaq. Xarici siyasətdə ən arzuolunmaz məsələ qeyri-müəyyənlikdir. Məsələ ondadır ki, bu günə qədər Ermənistanın xarici siyasətində konkret bir vektor müəyyən olunmayıb. Həm Rusiya ilə müttəfiqlik edirlər, həm də Qərb istiqamətində konkret addımlar atırlar. Xüsusilə son dövrlər Ermənistan mətbuatında anti-Putin ritorikası daha da güclənib. Putinə qarşı çox ciddi ittihamlarla dolu yazılar yazırlar. İş o yerə gəlib çatıb ki, özlərinin strateji müttəfiqi hesab etdikləri ölkənin Prezidentini terrorizmdə ittiham edirlər. Bu cür siyasət çox pis nəticələrə gətirib çaxara bilər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiya mətbuatında da Ermənistan və Paşinyan əleyhinə yazılar artmaqdadır. Hətta Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində ABŞ-ın Ermənistanda quraşdırdığı laboratoriyaya etiraz edilib. Rusiyalı ekspertlər belə fikirlər səsləndirirlər ki, bu, çoxsaylı xəstəliyin yayılmasında mənbə rolunu oynaya bilər. Rusiya mətbuatında tez-tez Ermənistana satılan qazın qiymətinin artırılması ilə bağlı fikirlər səsləndirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın xarici siyasəti bərbad vəziyyətdədir. Bu sahədə qeyri-müəyyənlik baş alıb gedir. Eyni vaxtda iki stulda oturmaq siyasəti uğursuzdur. Belə olan vəziyyətdə iki ölkə arasında gərginliyin daha da artacağı gözlənir”.
Vidadi ORDAHALLI