Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər. Belə çıxır ki, postpandemiya dövrü üçün bir az fərqli əməkdaşlıq formaları olacaq. Bunlar hansı formalar ola bilər?
İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu özünü daha çox iqtidasi sferada göstərəcək:“Siyasi münasibətlər sistemində elə bir dəyişiklik olmayacaq. Çünki bunun üçün ciddi bir hal baş verməyib. Ancaq iqtisadi münasibətlərə bunun aidiyyəti var. Rusiya ilə Azərbaycan arasında dərin iqtisadi münasibətlər var. İki ölkə arasında iqtisadiyyatın bütün sahələri üzrə yaxın əməkdaşlıq mövcuddur. Danılmaz faktdır ki, pandemiya hər iki ölkənin iqtisadiyyatına mənfi təsirlər edib. Eyni zamanda, bu dönəmdə neftin qiyməti kəskin düşüb. Həm Rusiya, həm də Azərbaycan neft ixrac edən ölkə sayılır. Bütün bu reallıqlar iqtisadi sahədə əməkdaşlıq imkanlarını yenidən nəzərdən keçirməyin vacibliyini şərtləndirir. Dünya iqtisadiyyatını qarşıda gözləyən dövr üçün kifayət qədər bədbin proqnozlar səslənməkdədir. Verilən proqnozlar iqtisadiyyatda əhəmiyyətli dərəcədə geriləmələr olacağını deməyə əsas verir. BMT-nin İqtisadi və sosial işlər departamentinin “Dünyada iqtisadi vəziyyət və perspektivlər” adlı son hesabatında bildirilir ki, cari ildə dünya iqtisadiyyatı COVID-19 pandemiyası nəticəsində 3,2 faiz kiçilib, yəni 8,5 trilyon ABŞ dolları məbləğində zərərə uğrayıb. Bildirilir ki, yeni koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər dünya iqtisadiyyatının 90 faizinə təsir edərkən istehsalat zəncirlərinin pozulmasına, tələbatın azalmasına, işsizliyin artmasına gətirib çıxarıb. Pandemiya başa çatandan sonra bütün dünya ölkələri iqtisadiyyatlarının maksimum tez dirçəlməsinə çalışacaqlar. Tramp və dünyanın başqa liderləri epidemiyadan sonra dünyada yeni düzənin olacağını bəyan edirlər. Dünya dəyişirsə, deməli bunun bizə də aidiyyəti olacaq. Bu baxımdan da, Rusiya ilə Azərbaycan arasında görüləsi çox işlər var. İqtisadi əlaqələrə yenidən baxıb, daha optimal təklifləri nəzərdə keçirmək olar. Yəni hər iki ölkənin rəsmiləri çalışacaqlar ki, yeni münasibətlər sisteminin hər iki dövlətə xeyri dəysin. Rusiya ilə ölkəmizin bunun üçün kifayət qədər potensialı var. Biz həm də qonşu ölkələrik. Bu amil də daha sıx əməkdaşlığın olmasını labüd edir. Hesab edirəm ki, xüsusilə də qeyri-neft sektorunun inkişafı sahəsində ciddi təcrübə mübadiləsi aparılacaq”.
Məhəmmədəli QƏRİBLİ