Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdiyi növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Belə ki, daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov polislər tərəfindən saxlanıb. Onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. N.Sadıqov ifadəsində tiryəki satmaq niyyətilə həmin şəxsdən aldığını bildirib.
Faktla bağlı saxlanan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.