Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, E.İsmayılova Floryadakı ofisində basqın edilib və başından 2, ürəyindən isə 1 güllə vurulub.
İş adamı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qətli E.İsmayılovun iş ortağı, azərbaycanlı Gözəl Dəmirov adlı şəxs törədib.
Qeyd edilir ki, inşaat və təşkilati işlər sahəsində biznes ortaqları olan İsmayılov və Dəmirov arasında qanlı mübahisə pul haqq-hesabı üstündə baş verib. Tərəflər məsələni İsmayılovun ofisində müzakirə edərkən aralarında münaqişə yaranıb. Dəmirov yanındakı silahla İsmayılova 3 dəfə atəşə açıb. Başından 2, ürəyindən isə 1 güllə yarası alan İsmayılov təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Dəmirov qətli törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda polis onun yaxalanması üçün axtarışlara başlayıb.
Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.