“2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır. O, məhz bununla izah olunur ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən (bu, oktyabr ayında olub) bizim proqnozlarımız daha nikbindir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.
M.Cabbarov qeyd edib ki, artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq: “Əgər onlar artım tempini 1,7-2 % arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən, biz iqtisadi artım tempini 3,4 % planlaşdırırıq”.
Ekspertlər Azərbaycanın 3.4 faiz artıma nail olmaq imkanlarının mümkün olduğunu düşünürlər.
“Hökumət 2021-ci ilin iqtisadi inkişaf müstəvisində pozitiv göstəricilərin olacağına əmindir”
İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, büdcə gəliri və xərclərində kifayət qədər pozitiv göstərici qeydə alınır: “İqtisadiyyatda artım templəri gözlənir. İqtisadiyyatda artım templərinin hansı əsasla olacağı barədə onu deyə bilərəm ki, bütün dünyanı narahat edən pandemiya artıq bitmək üzrədir. Bir çox ölkədə vaksinləşmək prosesi həyata keçirilir. Yanvarın 6-da keçirilən videomüşavirədə də Prezident qeyd etdi ki, vaksin ölkəmizə gəlir və qısa müddət ərzində kütləvi vaksinləşmə həyata keçiriləcək. Ən əsası, Vətən müharibəsi kimi ağır yük ölkəmizin üzərindən götürüldü”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hökumət 2021-ci ilin iqtisadi inkişaf müstəvisində pozitiv göstəricilərin olacağına əmindir. Müəyyən edilən proqramlar cari il ərzində özünü müsbət şəkildə doğruldacaq. Həmçinin, neftin qiyməti də sabitdir. Bu kimi faktlar onu deməyə əsas verir ki 2021-ci il iqtisadi inkişaf ili olacaq.
Günel CƏLİLOVA