Pandemiya ilə əlaqədar olaraq ötən il əksər ölkədə pul bazası azalıb. Məsələ ondadır ki, iqtisadi əlaqələr azaldığı üçün pul dövriyyəsi də aşağı düşüb. Bu da, istər-istəməz, bir sıra ölkələrdə pul bazasına mənfi təsir edir.
Ancaq bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda pul bazası azalmayıb, əksinə, 11 faiz artıb. 2020-ci ilin sonuna olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Belə ki, pul bazasının həcmi 2019-cu ilin 30 dekabr tarixinə olan hesabatı ilə müqayisədə 1 milyard 411,7 milyon manat və ya 11,6 faiz artıb. 2019-cu ilin sonuna Azərbaycanda pul bazasının həcmi 12 milyard 152,5 milyon manat təşkil edib. Təkcə dekabr ayında manatla pul bazası 14,9 faiz artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.
Bütün bunlarla yanaşı, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda pul bazasının artmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Azərbaycanın həm daxili, həm də xarici borcları yaxşı vəziyyətdədir, valyuta ehtiyatlarımız kəskin azalmadı”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov buna bir neçə aspektdən yanaşdı: “Məsələyə kompleks şəkildə qiymət vermək lazımdır. Ümumiyyətlə, pandemiya dövründə əksər ölkədə xarici borc artdı. Fiskal və monitar siyasətdə bir sıra çətinliklər ortaya çıxdı. Eyni zamanda, bir sıra ölkələrin ehtiyat rezervləri azalmağa başladı. Belə ölkələr içərisində hətta iqtisadi baxımdan inkişaf etmiş dövlətlər də var idi. Proqnozlaşdırılır ki, Fransa ümumdaxili məhsulunun nisbətində 120 faiz borclanmaya gedir. Bu nöqteyi-nəzərdən Azərbaycan çox yaxşı vəziyyətdədir. Bizim həm daxili, həm də xarici borclarımız optimal vəziyyətdədir. Valyuta ehtiyatlarımız kəskin azalmadı. Bütün bunlar nəticə etibarilə pul bazasının artmasına öz müsbət təsirini göstərir. Həmçinin, bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan iqtisadiyyatı daha optimal vəziyyətdədir. Düşünülmüş monitar və fiskal siyasət yürüdülür”.
İqtisadçı-ekspertin fikrincə, bütün bunlar Azərbaycan iqtisadiyyatına müsbət perspektiv vəd edir.
Vidadi ORDAHALLI