“Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Prezident çıxışı zamanı onu da qeyd edib ki, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb: “Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”.
Maraqlıdır, Azərbaycan valyuta ehtiyatlarını qorumağa və artırmağa necə nail oldu?
“Valyuta ehtiyatlarımız Neft Fondunda toplanmağa başlandı, bu fond milli maraqlarımızın təmini, infrastruktur dəyişiklikləri, qlobal layihələrin həyata keçirilməsi istiqamətində yaradılıb”
İqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, Azərbaycanın valyuta ehtiyatları, ilk növbədə, Dövlət Neft Fondunda toplanır: "Məlumdur ki, Azərbaycanın ixrac potensialının 90 faizinə qədərini karbohidrogen ehtiyatları təşkil edir. Əldə edilən valyutanın toplanması, ilk növbədə, Dövlət Neft Fondunda baş verir. Bununla yanaşı, Mərkəzi Bankın özünün də ehtiyat fondu var. Həmin fond tamam başqa gəlirlər hesabına yaranır.
Onu da əlavə edim ki, illik büdcə xərclərinin müəyyən hissəsini valyuta fondundan transferlər təşkil edir. Azərbaycan büdcəsinin gəlirlərindən bir qismi müəyyən fiskal orqanlardan - vergidən, gömrükdən daxil olur, amma əsas hissəsi Dövlət Neft Fondundan daxilolmalar hesabına formalaşır. Xərclərin təşkili mexanizmi də burada ifadə olunur. Bu hər il aidiyyəti dövlət qurumları, o cümlədən də Milli Məclis tərəfindən təsdiq olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, heç də hər bir ölkə valyuta ehtiyatlarına malik deyil: "Bu, Norveç modeli hesab olunur. Demək olmaz ki, hər bir ölkənin valyuta ehtiyatları var. Bir sıra ölkələrin bu cür ehtiyatları var. Həmçinin, Norveç də hazırkı dövrə qədər bu modeldən istifadə edir. Azərbaycanda belə bir fondun yaranması ulu öndər Heydər Əliyev tərəfindən təklif olunub. Valyuta ehtiyatlarımız həmin fondda toplanmağa başlanıb. Bu fond milli maraqlarımızın təmini, infrastruktur dəyişiklikləri, qlobal layihələrin həyata keçirilməsi istiqamətində yaradılıb”.
Günel CƏLİLOVA