Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.
Mərkəzin saxlanması və fəaliyyətinin təmin edilməsi, o cümlədən, müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
“...süni intellektin iqtisadiyyata təsirindən tutmuş, distant şəkildə iqtisadi məsələlərin həllinə də nəzarət edəcək”
“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılmasının əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, 2010-ci ildən bəri dünya iqtisadiyyatı postindustrial dövrə qədəm qoyub: “Sevindirici haldır ki, bu istiqamətdə ölkəmizdə də işlər görüləcək. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” süni intellektin iqtisadiyyata təsirindən tutmuş, distant şəkildə iqtisadi məsələlərin həllinə də nəzarət edəcək. Burada məlumatlar bazasının yaradılması, ondan düzgün istifadə edilməsi kimi məsələlər qeyd olunur. Həmçinin, yeni iş yerlərinin yaradılması, avtomatlaşdırılması da həmin mərkəz tərəfindən tənzimlənəcək. Azərbaycanda da bu sahəyə diqqət ayrılması sevindiricidir. Bu sahə ölkəmiz üçün yeni bir sahədir. Məlumdur ki, Azərbaycanda postindustrial dövrə keçid üçün kifayət qədər görüləcək iş var. Onun təməlinin hazırlanması, eyni zamanda, ölkəmizdə rəqəmsal iqtisadiyyatla bağlı işlərin görülməsinə də ehtiyac var. Bura yaşıl iqtisadiyyat, ekoloji məsələlərin həlli, informasiya texnologiyalarının iqtisadiyyatda tətbiqi, aqrar sektorda əl əməyinin azaldılması yolu ilə keyfiyyətin və məhsuldarlığın artırılması da daxildir. Məlumdur ki, Azərbaycan aqrar sahədə ciddi potensialı olan ölkə kimi tanınır. Bu sahədə arzuolunan nəticəni əldə etmək üçün “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin modelindən istifadə olunması gələcəkdə məhsuldarlığın artımı üçün münbit şərait yarada bilər”.
Günel CƏLİLOVA