Dünya maliyyə bazarlarında mövcud vəziyyət valyuta və qiymətli kağızlara marağın azaldığını göstərir. Əvəzində qızıla tələbin durmadan artması müşahidə edilir. Dünya Qızıl Şurası da bildirir ki, qızıla tələbat qlobal miqyasda artıb.
Bildirilir ki, yeni növ koronavirusun yaratdığı qeyri-müəyyənliklər qızıla tələbatı artırır. Bu ilin ilk rübündə qızıl əsaslı investisiya fondlarına son 4 ildə ən güclü axın yaşanıb. Birinci rübdə qızıla tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq təqribən 1084 ton olub. Qızılın unsiya qiyməti isə 2012-ci ilin dekabrından bu yana ən yüksək səviyyəyə, yəni 1703 dollara çatıb. Qlobal qızıl tələbatı bu dövrdə 55 milyard dollar səviyyəsinə çatıb. Dollar ifadəsində isə 2013-cü ilin ikinci rübündən bəri ən yüksək səviyyəyə qalxıb. Bu ilin ilk rübündə dünyadakı mərkəzi bankların qızıla investisiyaları 145 tona çatıb. Hesabat dövründə qızıl istehsalının həcmi isə koronavirus pandemiyasının təsiri ilə 3% azalaraq 796 tona enib və 5 illik minimumu yeniləyib. Bu da qiymət artımında öz sözünü deyir. Qızıla ən çox investisiya yatıran mərkəzi bankların siyahısına 73 tonluq göstərici ilə Türkiyə Mərkəzi Bankı liderlik edib. Onu 28 tonla Rusiya və 7 tonla Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları izləyib. COVID-19 tədbirləri və qızılın baha qiymətləri həm də zərgərlik məmulatlarına tələbatı azaldıb. Belə ki, zərgərlik məmulatlarına tələbat qlobal miqyasda 39 faiz azalıb. Dünyanın ən böyük zərgərlik bazarı olan Çində isə 65 faiz nisbətində azalma olub. Rüb ərzində qızıl əsaslı investisiya fondlarının qızıl alışı 298 ton olmaqla son 4 ildə ən böyük rüblük göstəriciyə çatıb. Həmin fondlardakı qızıl miqdarı isə 3185 ton təşkil edib.
Ölkəmizdə də qızıl ehtiyatı artır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında 0,4 ton qızıl alıb. Martın 31-nə Fondun investisiya portfelində qızılın ümumi həcmi 101,6 ton olub. Qeyd edək ki, 2019-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,2 ton təşkil edib. Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 12,8%-dir. Hesab edilir ki, dünya maliyyə bazarlarında qeyri-müəyyənlik davam etdikcə Azərbaycan da qızıl ehtiyatını artıracaq.
Ramil QULİYEV