Xəbər verildiyi kimi, manatla olan əmanətlərin sığortalanması faizi artırıldı. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsi əsasında, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, xarici valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi əvvəlki qaydada 2,5 faiz təşkil edir.
“…ölkədə kredit faizləri çox yüksəkdir, bu qərardan sonra…”
Milli valyutada qorunan əmanətlərin faiz dərəcəsinin yüksəlməsi barədə fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Mərkəzi Bank əmanətçiləri sakitləşdirmək üçün əmanətlərin sığortalanması faizini 10 faizdən 12 faizə qaldırdı: “Yəni indi vətəndaşların 12 faizlə qoyduğu əmanətlər də sığortalanacaq, əvvəl bu hədd 10 faiz idi. Bu qərar əmanətçilərə sərf edir, amma bu qərardan sonra kreditlərin faizi də artacaq, bankların kredit portfelində əmanətlərin payı 70 faiz civarındadır. Zatən, ölkədə kredit faizləri çox yüksəkdir, bu qərardan sonra daha da yüksələcək. Amma normal ölkələr böhrandan çıxmaq üçün tam tərsini edir. Kreditləri ucuzlaşdırır ki, iqtisadiyyat canlansın”.
Günel CƏLİLOVA