Müasir dövrdə iqtisadiyyatın inkişafı ilə əlaqədar cəmiyyəti təşkil edən şəxslər arasında əlaqələr genişlənib və bu münasibətlər çərçivəsində iqtisadi fayda olduğu kimi, risqlər də qaçılmaz zərurətə çevrilib.
Mülki dövriyyədə və yaxud sahibkarlıq fəaliyyətində risqlərin olmasını nəzərə alaraq, qanunvericilik şəxsləri bu itkilərdən qorumaq üçün maksimum dərəcədə vahid baza yaradıb, şəxsləri, bir növ, hər hansı bir iqtisadi əsaslı münasibətdən əvvəl dərin düşünməyə vadar edir. Bu risqlərdən qorunmaq, müxtəlif fəaliyyət növlərini, həmçinin, əmanətləri sığortalamaq üçün qanunvericilik bazası yaradılıb.
Məlumdur ki, ötən həftə iki bankın lisenziyası ləğv olundu. Maraqlı məqam odur ki, bağlanan banklarda hesabı olan sahibkarların pulu qaytarılmır. Apardığımız araşdırma zamanı məlum oldu ki, sahibkarların hesablarında olan pullar sığortalanmır.
“Özəl sığorta şirkətləri bank əmanətlərinin sığortalanması prosesinə cəlb olunmalıdırlar”
Sahibkarların hesablarında olan pulların nə səbəbdən sığortalanmadığını öyrənmək üçün Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə ekspert qrupunun sədri Qorxmaz Ağayevə müraciət etdik. O bildirdi ki, “Əmanətlərin sığortalanması haqqında" Qanunun qəbul edildiyi dövrlə indiki dövrün reallıqları, hədəfləri fərqlənir. Sahibkarların bank hesabında olan vəsaitlərinin qorunmasının yeni üsulları hazırda tətbiq oluna bilər.
Əmanətlərin sığortalanmasının sahibkarların hesablarına şamil edilməməsi ilə bağlı Q.Ağayev təklif edir ki, özəl sığorta şirkətləri bank əmanətlərinin sığortalanması prosesinə cəlb olunsunlar: “Həqiqətən də o sektordan söhbət gedir ki, həmin sektora birbaşa requlyativ nəzarət var. Qeyd olunan sektorda risqlərin az olduğu bir vəziyyətdə sığorta şirkətlərinin əmanətləri sığortalamaması təəccüblü görünür".
Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarlar nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə əsasən, əməliyyatlarını nağdsız qaydada həyata keçirə bilərlər. Bu, əksər sahibkara aiddir. Onlar nağdsız qaydada həyata keçirməli olduğu əməliyyatlar üzrə vəsaitləri də bank hesablarında saxlamalıdırlar. Bu o deməkdir ki, həm məcburi, həm də vergi metodları ilə sahibkarlar öz vəsaitlərini banklara təhvil vermək məcburiyyətindədirlər. Bu tələblə yanaşı, onların banklarda saxlanan vəsaitlərinə təminat verilmir. Yəni bu, təbii ki, ziddiyyətlərə gətirib çıxarır, bəzən haqlı narazılıqlara səbəb olur.
Günel CƏLİLOVA