“Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir”. Bunu Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.
Prezident İlham Əliyev bildirib ki, hazırda İqtisadiyyat naziri dövlət müəssisələri ilə bağlı məsələ üzərində çalışır: “Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə (yəni AYİB rəhbərliyilə) müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz, əslində, buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz, bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq”.
Bütün bu deyilənlərin fonunda, nəqliyyat sektorunda şirkətlərin korporativ maraqları dövlət maraqlarından üstün tutması nə deməkdir və bu nə kimi ziyan vurur?
“Nəqliyyat sektoru elə sahədir ki, ora qısa müddətdə yatırım edərək maksimum gəlir əldə etmək düzgün yanaşma deyil”
Sözügedən məsələyə aydınlıq gətirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bununla bağlı bir sıra məqamlara toxundu: “Böyük ehtimalla, burada söhbət dövlət səviyyəsində həyata keçirilən proqramlara uyğun olmayan müəyyən şirkətlərin fəaliyyətindən gedir. Həmin şirkətlərin ancaq öz maraqları olur. Nəqliyyat sektorunun inkişafı ilə bağlı dövlətin strategiyası var. Bunun da ayrı-ayrı komponentləri mövcuddur. Faktiki olaraq, dövlət həmin strategiyanın həyata keçirilməsində maraqlıdır. Hər bir mərhələdə, hər bir komponent üzrə müəyyən olunmuş hədəflər var. Ola bilsin ki, nəqliyyat sektorunda ayrı-ayrı şirkətlərin müəyyən maraqları var. Hansı ki, bu, ümumi strategiyanın hədəfləri ilə üst-üstə düşmür. Çünki dövlət daha uzunmüddətli strategiya müəyyən edir. Ancaq ayrı-ayrı şirkətlərə, kompaniyalara baxdıqda görürük ki, onların hədəfləri başqadır. Müəyyən şirkətlər minimum sərmayə yatırmaq və qısa müddətdə maksimum gəlir əldə etmək məqsədi güdürlər. Bu baxımdan, şirkətlərin müəyyən etdiyi siyasət dövlətin strategiyasına adekvat deyil. Bu da, nəticə etibarilə, korporativ maraqların dövlət maraqlarını üstələməsinə gətirib çıxarır. Nətəcədə dövlət bundan böyük ziyan çəkir. Ona görə də bu kimi məsələlərə diqqət etmək lazımdır. Təəssüflər olsun ki, şirkətlər daha çox öz merkantel maraqlarını güdürlər. Qısa müddət ərzində maksimum gəlir əldə etmək prinsipilə işə yanaşırlar. Ancaq nəqliyyat sektoru elə sahədir ki, ora qısa müddətdə yatırım edərək maksimum gəlir əldə etmək düzgün yanaşma deyil. Beynəlxalq təcrübəyə əsasən, nəqliyyat sektorunun inkişaf etdirilməsi daha uzunmüddətli strategiyaya əsaslanır”.
Vidadi ORDAHALLI