Avropa Bankının Azərbaycanda Yeni İnkişaf Korporasiyası planı, ölkəmizə bu il 250 milyon dollar gələcək - Prezident Əliyevin yeni triumfu...

Xəbər verildiyi kimi, aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.
Suma Çakrabarti gələcək planları haqqında məlumat verərkən bildirib ki, ötən illərlə müqayisədə keçən il AYİB-in Azərbaycana sərmayə həcmi aşağı səviyyədə olub, çünki bank neft-qaz sahəsinə yatırım etməyib və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəldib:“Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren və subsuveren zəmanət tələb olunacaq və həmkarlarımdan bu barədə ətraflı danışmağı xahiş edəcəyəm. Bu layihələr, xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Biz Sizinlə 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik və bu mövzunu yenidən gündəmə gətirmək istərdik”. Avropa Bankının rəhbəri bildirib ki, onların yekun hədəfi dövlət müəssisələri və dövlət sektorunu əhatə edir: “Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin, Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu mümkün qədər tez yaşansın. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır”.
Göründüyü kimi, belə çətin dönəmdə Avropa Bankının rəhbəri Azərbaycana yeni layihə çərçivəsində 250 milyon dollar pul ayırmağa razı olduqlarını bildirib. Azərbaycanı onlar üçün cəlbedici edən nədir? Beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı Xəbər”ə bildirdi ki, dünyanı bürüyən indiki çətin iqtisadi vəziyyətdə belə addımların atılması doğrudan da maraqlı mülahizələrin meydana çıxmasına yol açır:“Bilirsiniz ki, bir çox maliyyə qurumları onlara kredit almaqla bağlı müraciət edən ölkələrə yox cavabını verib. Azərbaycanla bağlı qəbul edilən bu qərarın obyektiv səbəbləri var. Azərbaycan cari ilin ilk rübündə sürətli iqfisadi artım tempinə görə lider ölkələrdəndir. Bu, münbit investisiya şəraitinin olmasından xəbər verir. Bu səbəbdən də, AYIB belə əlverişli şəraiti dəyərləndirmək niyyətindədir. Azərbaycan son illərdə neft sektorundan asılılığı azaldan, qeyri-neft sektorunun inkişafını şərtləndirən iqtisadi siyasət həyata keçirir. 2018-2019-cu illərdə Dünya Bankının biznes reytinqində biz 25 pillə irəlilədik. Bu tempə görə biz sürətlə inkişaf edən ölkələr sırasına aid edildik. Bu sahədə müxtəlif kriteriyalar var. Həm inzibati, həm də qanunvericilik sahəsində aparılan islahatlar da önəmli rola malikdir. Qeyri-neft sektoruna verdiyimiz önəm bizim gələcəyimizin yaxşı olacağını həmin qurumlar üçün şərtləndirən önəmli məqamdır. Avropa Bankı bütün bunları görməyə bilməzdi. Son dönəmdə biz ÜST-ün hesabatında da önə çıxdıq. Koronavirusla aparılan mübarizə həm də yaxşı iqtisadi göstəricilər tələb edir. Bununla bağlı hökumətin elan etdiyi antiböhran proqramları göstərir ki, bizim göstəricilərimiz çox yaxşıdır. Avropa İnkişaf Bankının seçimi çox doğrudur. Onlarda investisiya əsasən qeyri-neft sektoruna yönəldilir. Yatırımlar xüsusilə telekommunikasiya, kənd təsərrüfatı sahəsinə daha çox yönəldiləcək. Güman edirəm ki, bank sektoruna da yatırımlar olacaq. Bu addımlar Azərbaycanın iqtisadi reytinqinin yüksək olmasından xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ