Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.
Suma Çakrabarti Prezidentlə görüşündə qeyd edib ki, sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.
Qeyd edək ki, Azərbaycanda iqtisadi artımın inkişaf etməsini beynəlxalq təşkilatlar da dəfələrlə öz hesabatlarında qeyd ediblər.
“...ölkə iqtisadiyyatı yenə də inkişaf mərhələsindədir”
İlin ilk rübündə iqtisadi artıma nail olmuş Azərbaycanın dünyada yeganə ölkə olması barədə fikrə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2017-ci ildən etibarən Azərbaycanda iqtisadi artım reallaşmağa başlayıb: “2017-ci ildən etibarən ölkə iqtisadiyyatında stabillik yaşandı. 2018-ci ildən isə iqtisadi artımın bərpa olunması müşahidə olunmağa başladı. Ötən il isə Azərbaycan iqtisadi artıma yüksək səviyyədə nail oldu. Bununla bağlı bir sıra sahələr üzrə də nailiyyətlər əldə edilib. İqtisadi inkişaf prosesi bu ilin birinci rübündə də qeydə alınıb. Sadəcə olaraq, cari ilin mart ayında yaşanan məlum koronavirus pandemiyasına görə bəzi sahələrdə müvəqqəti olaraq fasilə verilib. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatı yenə də inkişaf mərhələsindədir”.
İqtisadçı onu da əlavə etdi ki, bu ilin ilk rübündə qeydə alınan iqtisadi artımın davamını ikinci rübdə də müşahidə edəcəyik. Onun sözlərinə görə, yalnız Azərbaycan hökuməti deyil, bütün beynəlxalq maliyyə qurumları 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempinin davam edəcəyini, təxminən 3 faizlik iqtisadi artımın qeydə alınacağını proqnozlaşdırırlar: “2020-ci il iqtisadiyyatı Azərbaycan üçün bir sıra istiqamətdən yadda qalacaq. 2020-ci ildə sosial istiqamətlərə ayrılan vəsaitin həcmində də artımları müşahidə edəcəyik”.
Günel CƏLİLOVA