Xəbər verildiyi kimi, əmanətlərin tam sığortalanması müddəti doqquz ay uzadılıb. Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu imzalayıb. Qanunun 3-cü maddəsində dəyişiklik olunub. Dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması müddəti doqquz ay uzadılıb.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 2016-cı il martın 4-dən qüvvəyə minmiş və müddət 2019-cu ildə yenidən 1 il uzadılmışdı.
Qeyd edək ki, yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra qanun layihəsi müvafiq qaydada qanunvericilik təşəbbüsü hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim edildi.
Belə ki, cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin, məbləğindən asılı olmayaraq, bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılıb.
Ekspertlər hesab edirlər ki, əmanətlərin müddətinin artırılması bank sektoruna olan münasibətin dəyişməsinə səbəb olacaq.
İqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, əmanətlərin sığortalanması müddətinin daha doqquz ay uzadılması təqdirəlayiqdir: “Şəxsən düşünürəm ki, mövcud iqtisadi şəraiti də nəzərə alaraq, əhalidə mövcud vəziyyətdə hər hansı bir narahatlığın yaranmaması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti yenidən uzadıldı”.
Ekspert hesab edir ki, əmanətlərin sığortalanması müddətinin uzadılması həm bank sektoru, həm real sektor, həm də əhalinin maraqlarına xidmət edəcək.
Günel CƏLİLOVA