Azərbaycanda fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Yəni bununla bağlı bağlanan müqavilələrin müddəti uzadılacaq.
Bu, Mərkəzi Bankın Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planının “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi Tədbirlər Planında öz əksini tapıb.
Məlumata görə, bu tədbir nəticəsində 1,1 milyard manatlıq ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda, onların keyfiyyəti pisləşdirilməyəcək. Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risq dərəcələrinin 100%-dən 50%-ə qədər azaldılması barədə qərar qəbul edilib.
İndiki dövrdə belə bir qərarın verilməsi hansı əhəmiyyətə malikdir?
“İpoteka kreditləri restrukturizasiya olunmasaydı, o zaman bir çoxu ciddi çətinliklərlə üzləşə bilərdi”
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev ipoteka kreditləri ilə bağlı belə bir qərarın qəbul olunmasına müsbət prizmadan yanaşdı. Onun fikrincə, əhalinin gəlirlərinin aşağı düşdüyü bir vaxtda belə bir qərarın verilməsi vacib sosial əhəmiyyət kəsb edir: “Çünki belə bir qərara böyük ehtiyac var idi. Ona görə ki, mövcud vəziyyətlə əlaqədar çoxsaylı şəxsin ipoteka krediti ödənişlərində problemlər yaranıb. Karantin rejimi ilə əlaqədar ipoteka krediti götürənlər gəlir əldə edə bilmirlər. Nəticədə ipoteka kreditlərinin ödənilməsində problemlər meydana gəlir. Hazırda bütün banklarda mövcud olan ipoteka kreditlərinin ümumi həcmi 1.1 milyard manatdır. Bu kifayət qədər böyük rəqəmdir. İpoteka kreditləri restrukturizasiya olunmasaydı, o zaman bir çoxu ciddi çətinliklərlə üzləşə bilərdi. Nəticədə min bir əziyyətlə əldə etdikləri mənzil ödənişlərin yubanmasına görə əldən çıxa bilərdi. Bu baxımdan hesab edirəm ki, kredit ödənişlərinin vaxtının uzadılması onların xeyrinədir. Hesab edirəm ki, sözügedən güzəştin böyük əhəmiyyəti var. Sosial mənada bu, mühüm əhəmiyyət kəsb edir. Zatən, bununla bağlı ipoteka krediti götürənlər borcu qaytaracaq. Sadəcə, məlum vəziyyət üzündən insanlar gəlir əldə edə bilmirlər. Ona görə də onlara borcun qaytarılması ilə bağlı bəlli bir möhlətin verilməsi doğru qərardır”.
Vidadi ORDAHALLI