Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikrosahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur.
Bu barədə məsələ İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Mikrosahibkarlara sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır), 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.
Həmçinin, Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi nəzərdə tutulur.
Göründüyü kimi, Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paketdə bütün tərəflərin maraqları nəzərə alınıb. Bu baxımdan vergi güzəştlərinin təklif olunması sahibkarlara çətinliklərə dözməyə və iqtisadi aktivliyi daha tez bərpa etməyə kömək edəcək.
“Fərdi sahibkarların çox hissəsinin sosial sığorta yükündən 1 il müddətinə azad edilməsi nəzərdə tutulub”
Maraqlıdır, bəs ekspertlər sadələşdirilmiş vergi ilə bağlı güzəştləri necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, bunun çox mühüm əhəmiyyəti var: “Mikrosahibkarlıq subyektləri üçün nəzərdə tutulan bu güzəşt onların xeyrinə olacaq. Bu güzəştlər imkan verəcək ki, sahibkarlar yaranan çətinliklərin öhdəsindən gəlsinlər. Məsələ ondadır ki, pandemiyadan tamamilə zərər çəkmiş mikrosahibkarlıq subyektlərinin 2019-cu ildə ödədikləri vergini 100 faiz dövlət əlavə olaraq onlara geri qaytarıb. Bu, minimum 250, maksimum isə 5 min manat oldu. Bundan başqa, sözügedən sahibkarlıq subyekti sadələşdirilmiş vergi ödəyicisidirsə, 2020-ci ildə 1 il müddətinə sadələşdirilmiş vergini 2 yox, 1 faiz ödəyəcək. Mənfəət vergisi ödəyən mikrosahibkarların isə cari vergini ödəmək yükü aradan qalxır. Yəni onlar bir il müddətinə vergi ödəməyəcəklər. Digər tərəfdən, hansısa sahibkar pandemiya ilə bağlı yardım edib və ya xərc çəkibsə, o, xərclərin hamısını gəlirdən limitsiz olaraq çıxa biləcək. Bundan əlavə, fərdi sahibkarların çox hissəsinin sosial sığorta yükündən 1 il müddətinə azad edilməsi nəzərdə tutulub. Bütün bunlar sahibkarlar üçün mühüm güzəştdir”.
Vidadi ORDAHALLI