Dövlətdən daha bir dəstək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq kənd təsərrüfatında çalışanların sosial sığorta yükü kəskin azaldılır. Məsələ ondadır ki, mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur.
Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur: 5 hektaradək olduqda - 2 faiz miqdarında, 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında, 10 hektardan yuxarı - 10 faiz miqdarında. Məsələn, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Bu isə sözügedən sahədə sosial sığorta haqqının 3 dəfə azaldılması deməkdir. Habelə, torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.
O baxımdan sözügedən güzəştin aqrar sektor üçün əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Həmin vəsait fermerə qalacaq və onu məhsul istehsalının artırılmasına yönəldəcək”
Məsələyə münasibət bildirən aqrar sahə üzrə ekspert Nicat Nəsirli hesab edir ki, kənd təsərrüfatı sahəsində çalışanların sığorta yükünün azaldılması müsbət addımdır: “Bütövlükdə, 2007-ci ildən aqrar sektorda bir sıra güzəştlər tətbiq olunur. Ən böyük güzəşt xidmətlər bazarındakı güzəştlərdir. Yəni gübrə, toxum, texnika güzəştli şərtlərlə məhsul istehsalçılarına satılır. Məsələn, gübrə 70 faiz güzəştlə satılır. Bazarda gübrənin bir kisəsi 26 manatdırsa, bu, fermerə 8 manata satılır. Eyni güzəştlər yanacaq və texnika satışında da tətbiq olunur. Bu güzəştlərin fonunda, bu ildən elektron kənd təsərrüfatı sistemi fəaliyyətə başlayıb. Kəndçiyə həm əkin sahəsinə, həm də əldə etdiyi məhsulun həcminə görə maliyyə yardımı edilir. Ümumilikdə, güzəştlər kənd təsərrüfatının bütün sferalarını əhatə edir. Bu da aqrar sektorun çox əlverişli biznes sahəsinə çevrilməsinə müsbət zəmin yaradır. Koronavirus pandemiyasından sonra məlum olur ki, iqtisadiyyatda rəqabət gücünə, tələbata görə aqrar sektor özünü doğruldan biznes sahəsinə çevrilir. Çünki insanlar yeri gələndə belə çətin situasiyalarda maşın sürməkdən, geyimdən və s. xidmətlərdən imtina edirlər, amma qidalanmaqdan imtina edə bilmirlər. Müşahidələr göstərir ki, bir sıra ciddi kapitalı olan iş adamları aqrar sektora sərmayə qoymaq istəyirlər. Bu, iki faktorla bağlıdır. Birincisi, bu sahənin cəlbediciliyi artır. İkincisi, dövlət bu sahəyə bir sıra güzəştlər edir. Kənd təsərrüfatında çalışanların dövlət sosial sığorta haqqının 60 manatdan 20 manata endirilməsi mühüm güzəştdir. Aprel və may ayının kənd təsərrüfatı sahəsində çalışanlar üçün vacib ay olduğunu nəzərə alsaq, bu qərar fermerlərin xeyrinə olacaq. Həmin vəsait fermerə qalacaq və onu məhsul istehsalının artırılmasına yönəldəcək”.
Vidadi ORDAHALLI