Xəbər verildiyi kimi, vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bu məsələyə də toxunulub.
Bildirilir ki, layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla, 10 faizi miqdarında müəyyən edilməsi nəzərdə tutulur.
“Ancaq həm vəkillərə, həm vətəndaşların büdcələrinə10 faiz məbləğində güzəştin edilməsi…”
Vəkillik sahəsinə edilən güzəşt barəsində danışan vəkil Roman Qaraşov bildirdi ki, nəzərdə tutulan güzəşt vəkillik institutuna ciddi dövlət dəstəyidir və təqdir olunmalıdır: “Vəkillərin sosial sığorta xərclərinin 20 faizdən 10 faizə endirilməsi doğrudan da ciddi məsələdir. Qüvvədə olan qanunvericiliyə əsasən, vəkillik təsisatı, ümumiyyətlə, özünü maliyyələşdirən, hər bir xərcini daxili imkanları hesabına qarşılayan qurumdur”.
Həmsöhbətimizin sözlərinə görə, vəkillik bir peşə olsa da, rəsmi dövlət rəmzlərini daşıyır, fəaliyyətinə birbaşa dövlət tərəfindən hər cür dəstək göstərilir. Vəkilliyi sahibkarlıq fəaliyyətindən, digər biznesyönümlü işlərdən fərqləndirmək lazımdır: “Vəkil yalnız vətəndaşlarla, firmalarla bağladığı müqavilələrdən gəlir əldə edir. Reallıq odur ki, həmin müqavilələr üzrə gəlirin 40 faizə qədəri vergi və sosial sığorta ödənişlərinə çıxılır. Vətəndaşların, xüsusilə də hüquqi yardım alan aztəminatlı ailələrin üzvlərinin də böyük məbləğə əsaslanan hüquqi xidmət müqaviləsini bağlamağa bir çox halda imkanı çatmır. Ancaq həm vəkillərə, həm də vətəndaşların büdcələrinə 10 faiz məbləğində güzəştin edilməsi bu istiqamətdə fəaliyyət göstərən şəxslər üçün ciddi stimullaşdırıcı amil olacaq”.
Günel CƏLİLOVA