Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur.
Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Kənd təsərrüfatı ilə məşğul olanların torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, onlara güzəştin tətbiq edilməsi aqrar sahənin inkişaf etməsinə təkan verəcək.
“Kənd təsərrüfatı ilə məşğul olanların torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, onlara sosial sığorta haqqı veriləcək”
İqtisadçı-ekspert Fuad İbrahimov qeyd etdi ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə görülən tədbirlər vergi ödəyicilərində sabahkı günə inam yaratdı, bu çətin vəziyyətdə tək olmadıqlarını, dövlətin onlara dəstək olduğunu hiss etdirdi: “Kənd təsərrüfatı ilə məşğul olanların torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, onlara sosial sığorta haqqı veriləcək. Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağı dərəcələrdə hesablanması nəzərdə tutulur. Bununla yanaşı, torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də mümkün olacaq”.
Həmsöhbətimiz hesab edir ki, aqrar sahə ilə məşğul olanlara sosial sığorta haqqının ödənilməsi kənd təsərrüfatının inkişaf etməsinə səbəb olacaq.
Günel CƏLİLOVA