Məlum olduğu kimi, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində bir sıra idxal məhsulları əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Bu barədə məsələ İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Belə ki, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi ilə bağlı bəzi ərzaq növlərinin, o cümlədən, uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur.
Maraqlıdır, idxal məhsullarının ƏDV-dən azad olunması qiymətlərə necə təsir edəcək?
“İdxal olunan məhsullara vergi güzəştinin tətbiq edilməsi ölkə əhalisinin sosial durumunun pisləşməsinin qarşısını alacaq”
İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, hazırkı şəraitdə istər ölkə iqtisadiyyatının, istərsə də vətəndaşların müvafiq dövlət dəstəyinə ciddi ehtiyacı var.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatının pandemiyadan daha az itkilərlə çıxması üçün dövlət dəstəyi zəruridir: “Bu dəstək müxtəlif formalarda həyata keçirilə bilər. Məlumdur ki, dövlət başçısının müvafiq sərəncamı ilə dörd işçi qrupu yaradılıb. Bu işçi qrupları iqtisadiyyatın əsas istiqamətləri üzrə hökumətin hansı addımlar ata biləcəyini müəyyənləşdirmək üzrə çalışırlar. Bununla yanaşı, müxtəlif sahələr üzrə vergi güzəştlərinin tətbiq edilməsidir. Pandemiya dövrü ilə əlaqədər idxal olunan bəzi məhsullar ƏDV-dən azad olunur. Əlavə dəyər vergisindən azad olunan məhsullar sırasında tibbi avadanlıqlar da var: “Tibbi ehtiyaclarla bağlı müəyyən vasitələrin ƏDV-dən azad olunması isə real şəraitdə tələb olunan əsas şərtlərdən biridir. Ölkə daxilində hökumət qarşısında iki mühüm vəzifəni yerinə yetirmək problemi mövcuddur. Birincisi, epidemiya ilə bağlı əhalinin sağlamlığını qorumaqdır. İkincisi isə ölkə əhalisinin sosial durumunun pisləşməsinin qarşısını almaqdır. Bu iki vəzifənin həyata keçirilməsi ciddi yanaşma tələb edir. Əhalinin sağlamlığının qorunması məqsədilə hansı istiqamətdə addımlar atmaq lazımdırsa, orada geniş miqyasda güzəştlərin tətbiqi mümkündür. Amma vətəndaşların sosial durumunu düzəltmək üçün tətbiq olunacaq güzəştlər və atılacaq addımlar elə olmalıdır ki, pandemiya təhlükəsi sovuşduqdan sonra ölkə iqtisadiyyatı tez zamanda bərpa oluna bilsin”.
Günel CƏLİLOVA