“Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin”.
Bunu Prezident İlham Əliyev Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışından sonra qurumun bir qrup əməkdaşı ilə görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısının fikrincə, bəzi şirkətlərin mövcud stansiyalara marağı var: “Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa, baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə, işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa, hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən, yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır”.
Xarici şirkətlərin ölkənin enerji sektorunda iştirakına sözügedən şərtlər daxilində yanaşılması tamamilə düzgün siyasətdir. Ona görə ki, bu, ölkənin milli maraqlarına uyğundur. Necə deyərlər, enerji sektorumuzda xarici investisiya yeni və milli maraqlara uyğun şərtə bağlandı.
Maraqlıdır, bəs ekspertlər buna necə yanaşırlar?
“...daha çox özəl sərmayənin bu sahəyə yönəlməsinə gətirib çıxaracaq”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, enerji sektorunda şəffaflığın yaranmasında, sağlam rəqabətin formalaşmasında ən düzgün yol budur: “Enerji sektorunda əsasən qapalı səhmdar sistemi olub. Artıq ölkə rəhbəri bu sıyasəti dəyişirsə, bu tamamilə doğru addımdır. Açıq şəkildə bütün sərmayədarlara, o cümlədən, xarici investorlara şərait yaradır ki, gəlin enerji sektoruna sərmayə qoyun. Burada söhbət ondan getmir ki, hansısa tender elan edilsin və vəsait ayrılsın. Xeyr. Xarici investorlar özü sərmayə qoyub enerji istehsal etmək istəyirlərsə, onda buyursunlar. Sərmayə qoyub enerji istehsalına başlasınlar və sonra mənfəət əldə etsinlər. Bu nöqteyi-nəzərdən məsələyə yanaşmaq tamamilə doğrudur. Ölkədə kifayət qədər investor var. Enerji sektorunda nə qədər çox şəffaflıq təmin olunsa, bu bir o qədər ümumi işin xeyrinə olacaq. Nəticədə rəqabət mühiti formalaşacaq və bu da, öz növbəsində, daha çox özəl sərmayənin bu sahəyə yönəlməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı böyüyür, əhali ilbəil artır. Gələcəkdə enerjiyə tələbat daha da artacaq. O baxımdan bütün bunlara xüsusi önəm verilməlidir”.
Vidadi ORDAHALLI