26/05/2020 01:48
728 x 90

Azərbaycanda sahibkarlara bu maddə altında 80 milyon manatlıq da dəstək paketi var

Rəsul Cahangirli: “Sözügedən qərar fərdi sahibkarlıq subyektlərinə mövcud çətin vəziyyətdən çıxmağa kömək edəcək”

img

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği məlum olub. Bu barədə Nazirlər Kabinetinin aprelin 4-də təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

Tədbirlər Planına əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara (iş yerlərinin azaldılmaması məqsədilə əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 80 milyon manat maliyyə dəstəyi veriləcək.

Görünən odur ki, hökumət bütün sahibkarlıq subyektlərinə, o cümlədən, fərdi sahibkarlara da yardım edəcək. Koronavirusdan zərər görən fərdi sahibkarlara maliyyə yardımının göstərilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Bu o deməkdir ki, hər bir VÖEN-lə işləyən vətəndaş üçün 267 manat ayrılacaq”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, fərdi sahibkarlıq subyektlərinə mövcud çətin vəziyyətdən çıxmağa kömək edəcək: “Ona görə də belə bir qərarın qəbul olunmasına müsbət yanaşıram. Çünki belə bir qərarın qəbul olunmasında məqsəd odur ki, fərdi sahibkarların üzləşdiyi zərər qarşılansın. Nəticədə iş yerlərinin sayı azaldılmasın və həmin sektorlarda çalışanlar əməkhaqqı ala bilsinlər. Ona görə də kim fərdi sahibkarlıq sahələrində muzdlu işçi kimi əməkhaqqı müqaviləsinə malikdirsə, o zaman ona dövlət tərəfindən kömək olacaq. Həmin işçilər bu imkandan yararlana biləcəklər. Çünki elə şəxslər var ki, onlar VÖEN-lə işləyirlər. Bu o deməkdir ki, onlar mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Bu o deməkdir ki, hər bir VÖEN-lə işləyən vətəndaş üçün 267 manat ayrılacaq. Təbii ki, burada yenə də məbləğ mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşlarımızın əvvəlki dövrdəki gəlirlərindən asılı olaraq dəyişə bilər. Çünki burada əsas meyar ondan ibarətdir ki, həmin mikro və ya fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, eləcə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. Qeyd olunan tələblərə uyğun fəaliyyətləri varsa, o zaman həmin şəxslər sözügedən yardımdan faydalana biləcəklər. Bütün hallarda, sözügedən qərarın qəbul olunması sahibkarların xeyrinədir”.

Vidadi ORDAHALLI

Son xəbərlər