Məlum olduğu kimi, koronavirus pandemiyasına görə artıq bir neçə həftədir insanlardan evdə qalmaları tələb olunur. Nəticədə bir sıra vətəndaşlar işləyə bilmir və onların gəlirlərində azalma müşahidə edilir.
Buna görə də insanlar kredit borclarını ödəməkdə çətinlik çəkirlər. Məsələ ondadır ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə tətbiq edilən məhdudiyyətlər ayrı-ayrı vətəndaşların gəlirlərinin azalmasına səbəb olub. Bu insanar kredit borclarına görə öhdəliklərini yerinə yetirə bilmirlər. Ancaq qəribədir ki, bu vurhavurda banklar kredit borcu olan vətəndaşlara bildirişlər göndərərək ödəniş tələb edirlər. Hansı ki, mövcud vəziyyətin nə yerdə olduğunu banklar da gözəl bilirlər. Hazırkı həssas dövrdə müştərilərə müəyyən güzəştlər etmək, möhlət vermək əvəzinə, ödəniş tələb edirlər.
Operativ Qərargahın keçirdiyi son mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hökumət kredit borcu olan vətəndaşlarla bağlı dəstək proqramı üzərində işləyir: “Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən bir banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik. Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə təsdiq olunacaq”.
Göründüyü kimi, hökumət sözügedən məsələ ilə bağlı bütün tərəflərin mənafeyinin qorunması ilə bağlı tədbirlər planı üzərində işlədiyi halda, banklar əhalidən ödənişlərin edilməsini tələb edirlər. Bankların məsələyə bu cür yanaşması nə dərəcədə doğrudur?
“Banklar müştərilərə möhlət verməlidirlər”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, indiki həssas dönəmdə bankların müştərilərlə bu cür davranmasının heç bir məntiqi əsası yoxdur: “Bu, əslində, kənfürsətlikdir. Belə vəziyyətdə müştərilərdən kreditlərin ödənilməsinin tələb olunmasının heç bir əsası yoxdur. Kommersiya bankları kredit götürən sahibkarlara, vətəndaşlara ən az 3 ay möhlət verməlidirlər. Hesab edirəm ki, belə olarsa, bu həm ədalətli olar, həm də məqsədəuyğun. Çünki bununla bağlı dünya təcrübəsində bir sıra nümunələr var. Orada belə vəziyyətlərdə müştərilərə güzəştlər edilir. Daha dəqiq desək, kreditin ödənilməsi ilə bağlı müştərilərə möhlət verilir. O üzdən, ən az 3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmamalıdır. Banklar bunu nəzərə almayacaqlarsa, o zaman böyük ədalətsizliyə yol vermiş olacaqlar. Nəzərə almaq lazımdır ki, dövlət bu məsələ ilə bağlı tədbirlər üzərində işləyir. Bu zaman bütün tərəflərin mənafeyi nəzərə alınacaq”.
Vidadi ORDAHALLI