25/05/2020 14:51
728 x 90

Dövlət böyük əməkçi tutumu olan tikinti sektorunun koronavirusdan çökməsinin də “konturunu” tapdı...

Rəşad Əliyev: “Tikinti sektoru üçün ayrıca proqramın hazırlanması müsbət addımdır”

img

Məlum olduğu kimi, COVID -19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrup sahibkarlığa və vətəndaşlara dəstək vermək məqsədilə 10 proqram hazırlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov mediaya açıqlamasında bildirib ki, İşçi Qrupun əsas məqsədi bu təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, eləcə də iqtisadiyyata, biznes subyektlərinə dəstək paketinin formalaşdırılmasıdır.

İşçi Qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə başçısının sərəncamında verilən tapşırıqlarda yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin, ortamüddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, İşçi Qrupun hədəflərindən biri də koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektorunun yenidən sürətli inkişaf tempini təmin etməkdir.

  • “Postpandemiya dövründə tikinti sektorunun inkişafına dövlətin dəstək göstərmək planlarının olması iqtisadi nəzəriyyələrə uyğundur”

İqtisadçı-ekspert  Rəşad Əliyev bildirdi ki, tikinti sektoru üçün ayrıca proqramın hazırlanması müsbət addımdır: “İlk növbədə, koronavirus pandemiyasının yayıldığı dövrdə, sonrakı mərhələdə isə problemin səngiməsindən sonra atılacaq addımlar iqtisadiyyat üçün vacibdir. Nəzərə almaq lazımdır ki, bu dövr çox çətin olacaq. Artıq belə başa düşmək olar ki, hökumət postpandemiya dövrü barədə fikirləşir və qabaqlayıcı addımlar atmaq istəyir. Bu kontekstdə tikinti sektorunun inkişafı və ipoteka kreditləşməsinin stimullaşdırılmasına da xüsusi diqqət yetirilir. Hesab edirəm ki, dövlət ipoteka kreditləşməsini daha da stimullaşdırmaqla ilkin bazara, yəni tikinti bazarına yönələn addımların əsasını qoyur. Bundan əlavə, tikinti sektorunun stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi də gözlənir”.

Həmsöhbətimiz hesab edir ki, postpandemiya dövründə tikinti sektorunun inkişafına dövlətin dəstək göstərmək planlarının olması iqtisadi nəzəriyyələrə uyğundur: “Bununla vətəndaşların sosial problemlərinin həllinə kömək göstərilir. Bütün ölkələrdə tikinti sektoru iqtisadiyyatın ən həssas sektorudur. Məsələn, böhran dövründə mənfi hallar öncə bu sahəyə təsir edir, daşınmaz əmlak bazarında müəyyən problemlər yaşanmağa başlayır. Bununla belə, inkişaf dövründə də tikinti sektoru çox yaxşı dinamika göstərə bilir. Böhrandan sonrakı dövrdə daşınmaz əmlak bazarında qiymət yüksəlişlərini biz də müşahidə edirdik. İndiki halda pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan bu tədbirlər, sözsüz ki, tikinti sektorunun inkişafına stimul olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər