Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib. Trend-in məlumatına görə, vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokuror Xanlar Vəliyev, eləcə də Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çingiz Qurbanov Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, müdafiə nazirinin müavini Kərim Vəliyev şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağını onun xidmət etdiyi hərbi hissənin komandirinə təqdim edib. Bayrağın işğaldan azad olunacaq Azərbaycan torpaqlarında dalğalanacağı bildirilib.
Yaylım atəşindən sonra şəhid Çingiz Qurbanov torpağa tapşırılıb.
"Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram". Trend-in məlumatına görə, bunu şəhid olmuş əsgər Çingiz Qurbanovun atası Salman Qurbanov hərbçimizlə vida mərasimində deyib.
Şəhid atası bildirib: "Oğlumun dövlət sərhədimizi pozmaq istəyən erməni kəşfiyyat-diversiya qrupu ilə döyüşdə şəhid olmasından 40 gün keçir. Cənab nazir, Sizə minnətdarlığımı bildirirəm və Ali Baş Komandana minnətdarlığımı çatdırmağınızı xahiş edirəm. Mən bir valideyn kimi Sizi əmin edirəm ki, dövlət başçımızın əmri ilə silah götürməyə hazıram! Allah şəhidlərimizə rəhmət eləsin!"
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.