Bir çox erməni diaspor təşkilatları ilk növbədə erməni xalqının üzərində parazitlik edir. Bunu Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
L.Spivak deyib: “Mən İsraildə müşahidə edirəm ki, onlar əksər vaxtlarda heç nədən səs-küy yaradır. Bu, sponsorların etibarını doğrultmaq üçün edilir. Çoxlu səs-küy yaradılır, amma hər kəsə məlumdur ki, nəticədə heç nə alınmayacaq”.
O qeyd edib ki, bunun bariz nümunəsi İsrail parlamentində “erməni soyqırımı” ilə müxtəlif fikirlər səsləndirən millət vəkili Zahava Qalyondur: "O özü də gözəl başa düşür ki, bu fikirlər boş-boşuna səsləndirilir. Bu işlərlə erməni nümayəndələri və lobbiçilər məşğul olur. Mənim onların sponsoruna və parazitliyə məruz qalan xalqa yazığım gəlir. ”
Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi Trend agentliyinin müəllifinin «Trump puts end to Armenian lobby’s influence on US» adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.
Komitə Twitter-dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin “Mayn Kamf” kitabındakı sitatla müqayisə edib.
L.Spivak deyib: “Mən qətiyyən hesab etmirəm ki, məqalə müəllifinin antisemit niyyəti olub. Mən Bakıda doğulub böyümüşəm, ildə üç dəfə Azərbaycanda oluram, burada çoxlu dostlarım var və heç vaxt antisemitizmlə üzləşməmişəm”.
O qeyd edib ki, eyni uğurla istənilən kitabdan istənilən fikri kontekstdən ayırmaq və istənilən mövzuya bağlamaq olar: “Azərbaycandakı bütün xalqlar milliyətindən və dinindən asılı olmayaraq tarixən dostluq şəraitində yaşayıb”.
O, həmçinin qeyd edib ki, multikulturalizmin Azərbaycan hökuməti tərəfindən dövlət səviyyəsində təbliğ olunması yaxşı haldır: “Azərbaycan tolerantlığının təbliği dostluq şəraitində yaşamanın mümkün olduğunun dünyaya nümayiş etdirilməsinin bir üsuludur.”
Məsələ ilə bağlı Azərbaycanın çox nüfuzlu Trend İnformasiya Agentliyi də ciddi arqumentlərə söykənən xüsusi məlumat yayıb. Məlumatda deyilir:
Amerika Erməni Milli Komitəsi növbəti dəfə ucuz təbliğat üsullarından istifadə edərək Trend İnformasiya Agentliyinin əməkdaşının ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsindən bəhs edən "Trump puts end to Armenian lobby’s influence on US" adlı məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.
Amerika Erməni Milli Komitəsi "Tvitter"dəki səhifəsində həmin məqalədəki sitatı Hitlerin "Mayn kampf" kitabındakı sitatla müqayisə edərək məqalənin dağıdıcı effektini uğursuz şəkildə kiçiltməyə çalışıb.
Erməni lobbisinin nümayəndələri müəllifin ABŞ-da parazitliklə məşğul olan erməni diasporu haqqında fikirlərini təhrif edib və Hitlerin yəhudi xalqı haqqında fikirləri ilə müqayisə aparıb. Tarixin təhrif olunması erməni diasporunun və Ermənistan rəhbərliyinin “şah əsəri”dir. Amerika Erməni Milli Komitəsi öz “prinsiplər”inə sadiq qalaraq ABŞ cəmiyyətini yanlış istiqamətə yönəltməyə çalışır.
Trend İnformasiya Agentliyi xatırladır ki, məhz Ermənistan hakimiyyəti faşist və antisemit general Qaregin Njde kimi şəxslərə abidə ucaltmaqla Ermənistanda faşist rejiminin nümayəndələrini qəhrəmanlaşdırır. Bu abidənin açılışında dövlət nümayəndələrinin də iştirak etməsi faktı bir daha bu mövqenin ayrı-ayrı şəxslərin deyil, Ermənistanın hakim dairələrinin mövqeyi olduğunu təsdiq edir. Həmçinin xatırlatmaq lazımdır ki, Ermənistanın hazırkı hakimiyyəti bu il Azərbaycanda 25-ci ildönümü ağrı və gözyaşı ilə qeyd olunacaq Xocalı soyqırımının birbaşa günahkarıdır.
Ermənistandan fərqli olaraq, multikulturalizm və tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri dinc və mehriban şəraitdə yaşayırlar. Azərbaycan daim faşizmin istənilən təzahürlərini və ona bəraət qazandırılması cəhdlərini qətiyyətlə pisləyib.
Amerika Erməni Milli Komitəsinin nümayəndəsinin Hitlerin “Mayn kampf”ından sitat gətirməsi faktı bu ktabın təşkilatın stolüstü kitabı olduğunu güman etməyə əsas verir. Erməni lobbisinin rəhbərliyinin ASALA kimi terror təşkilatları ilə yaxın əlaqələrini nəzərə alsaq, bu, heç də təəccüblü deyil.