Ermənistanın “Lragir.am” saytı ermənilərin ABŞ və Avropa ölkələrindən deportasiya olunması ilə bağlı yazı dərc edib.
Yazıda bildirilir ki, ABŞ-ın “Ay-data”erməni təşkilatı Yaxın Şərqdən bu ölkəyə daşınmış erməniləri evlərindən çıxmamağa çağırıb. Bildirib ki, onlara evlərinə qayıtmaq imkanı verilməyə bilər. Təşkilatın müraciətində o da qeyd olunur ki, ABŞ-a pənah aparan xeyli sayda erməni sərhəddə saxlanıb və onların bu ölkəyə girişinə icazə verilməyib. Qadağanın Trampın immiqrasiya ilə bağlı verdiyi məlum qərarla əlaqədarı olduğunu yazan sayt eyni zamanda bildirir ki, bu günlərdə İrəvanın Zvartnots aeroportuna Tiflisdən gələn təyyarənin göyərtəsində 120 qeyri-leqal erməni miqrant olub. Onların Avropa ölkələrindən deportasiya edildiyi, hətta evlərindən və ofislərindən çıxarılaraq zorla birbaşa aeroporta aparıldığı bildirilir. ABŞ-ın ardınca Avropanın da miqrant siyasətini sərtləşdirməyə meylli olduğunu yazan “Qraparak” erməni qəzeti isə mövzu ilə əlaqədar daha maraqlı bir nüansa diqqət çəkir. Bildirir ki, ermənilər, bir qayda olaraq, Rusiyaya işləməyə və pul qazanmağa üz tutsalar da, Avropa və ABŞ-a gedənlər haqqında bunu demək olmaz. Qəzet yazır ki, bu istiqaməti seçən ermənilər həmin ölkələrə ya miqrantlara ayrılan yardımdan bəhrələnmək, ya da sadəcə oğurluq etmək məqsədilə gedir. Hazırkı situasiya davam edəcəyi təqdirdə ölkəyə repatriasiya olunanların axın edəcəyini, bunun isə sosial bəlaya çevriləcəyini, ölkədə inqilabi vəziyyət yaradacağını yazan qəzet sonda qeyd edir ki, görünür, eks-baş nazir Tiqran Sarkisyanın dediyi kimi, bu günə qədər inqilabi potensialı ölkədən çıxarmaq siyasəti yürüdən Ermənistanın hazırkı hökuməti elə bu potensialın qayıdışı ilə özünün məntiqi sonluğuna çatacaq.
Beləliklə, onsuz da özünün ən çətin dönəmini yaşayan Sarkisyan hökuməti üçün daha bir real təhlükə Avropadan axın etməkdədir...
Samirə