Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.
Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir: “Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.
Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb. Komissiyadan bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.