ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün təşkil olunması üzərində çalışır. Bunu Trend-ə yeni təyin olunmuş amerikalı həmsədr Riçard Hoqland deyib.
O qeyd edib ki, hazırda digər həmsədrlərlə XİN rəhbərlərinin görüşü üçün optimal vaxtın seçilməsi məsələsi, eləcə də həmsədrlərin regiona növbəti səfərinin vaxtı müzakirə olunur.
Amerikalı diplomat vurğulayıb ki, Azərbaycana və Ermənistana səfər etmək imkanını səbirsizliklə gözləyir.
Daha öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan etmişdi ki, fevralın 17-19-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.
Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır. O bildirib ki, həmsədrlər konfrans çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr aparmaq niyyətindədirlər: “Əgər nazirlər maraq göstərsələr, biz onların birgə görüşünü təşkil edəcəyik”.
Həmsədr qeyd edib ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılaşmaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı üzrə işlər davam etdirilir: “Bu yaxınlarda Dağlıq Qarabağ məsələsi Sergey Lavrovla Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarov arasında müzakirə olunub. Əgər şərait tələb edərsə, üçtərəfli görüşün keçirilməsi imkanı da yarana bilər".