Dünən ATƏT-in daimi şurasının növbəti iclası keçirilib və iclasda Azərbaycan, 56 ölkənin etiraz qərarına baxmayaraq, ATƏT-in İrəvan ofisinin mandatının uzadılmasına veto qoyub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın “lragir.am” saytı yazır. Azərbaycanın bu kəskin demarşının səbəbini açmağa çalışan sayt xatırladır ki, Ermənistanın XİN rəhbərinin müavini Şavarş Köçəryan yanvarın 19-da verdiyi müsahibədə rəsmi Bakının ATƏT-in büdcəsini blok etdiyini deyib. Bildirib ki, həmin büdcə ilə Qarabağda insidentlərin araşdırılması mexanizminin tətbiqi nəzərdə tutulurdu. Sayt yazır ki, bununla Azərbaycan, çox güman, hazırkı status-kvo-nun uzadılmasının qarşısını alır.
Lakin məsələ burasındadır ki, Ermənistan əslində öz əməllərinin toruna düşür. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin dünənki açıqlamasında deyilir ki, daha öncə Ermənistan ATƏT-in Daşkənd və Bişkekdəki ofislərinin mandatının uzadılmasına veto qoyub. Eyni zamanda Rusiya-Ukrayna sərhədində ATƏT-in blokpostlarının qoyulmasına qarşı çıxıb. Bütün bunlar nəzərə alınarsa, Azərbaycanın bu gün atdığı addıma Ermənistanın eyhamla belə etiraz etmək haqqı yoxdur. Çünki İrəvan sadalanan faktlarla yalnız Rusiyaya xidmət göstərib, özünün bu məsələlərə heç bir dəxli olmayıb. Azərbaycan isə sözügedən qərarı ilə öz maraqlarını müdafiə edib və ərazi bütövlüyünün bərhasında tutduğu pozisiyanı daha bir uğurlu gedişlə davam etdirib.
İndi Ermənistanı bir sual düşündürür: ATƏT Bakının vetosuna qarşı çıxıb münaqişə zonasına araşdırma mexanizmi yerləşdirə biləcəkmi və ümumiyyətlə, Ermənistan Qarabağ mövzusunda ATƏT-dən hərtərəfli dəstək görə biləcəkmi?..