Prezident İlham Əliyev yanvarın 29-da Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılaraq, bu islahatların yaxından izləndiyi qeyd olunub. Azərbaycan Respublikası Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bu görüşlər dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrə toxunulub, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdirilcəyi əminliklə qeyd olunub.
Daha sonra görüşdə Azərbaycan-İsrail əlaqələrindən danışılaraq, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirilib, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinin bu əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə, həmçinin, Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.