ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bloqqer Aleksandr Lapşinlə bağlı Ermənistan ombudsmanına məktub göndərib. Xatırladaq ki, Aleksandr lapşin Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan xarici işlər nazirliyinin “qara siyahı”sına salınıb. Sonradan Belarusda saxlanan Lapşinin ekstradisiyası üçün Azərbaycan Belarusun müvafiq orqanlarına müraciət edib və yaxın zamanlarda bu ekstradisiyanın gerçəkləşəcəyi gözlənir.
Məktubunda Rusiya və İsrail vətəndaşı olan bloqqerin Azərbaycana ekstradisiyasının onun üçün xoş olmayan nəticələr verəcəyindən narahatlıq ifadə edən xanım Miyatoviç deyib ki, Azərbaycanda Lapşini Qarabağla bağlı yazdıqlarına görə qisas gözləyir. Əslində ciddi beynəlxalq qurumu təmsil edən hüquq müdafiəçisinin insan haqlarının müdafiəçisi qismində çıxış etməsi və bloqqerin ekstradisiyasından narahatlıq duyması tam normaldır. Lakin nəzərə alınsa ki, ermənilərin işğalçı qoşunlarının azıb Azərbaycana gələn sıravi əsgərlərindən tutmuş ölkəsindəki dözülməz həyat üzündən ailəsilə könüllü olaraq Azərbaycana üz tutan Ermənistan vətəndaşları burada heç bir neqativ rəftarla üzləşmir, hətta əksinə, tam normal şərtlər altında və təhlükəsiz şəkildə öz istəklərinə uyğun olaraq üçüncü ölkələrə yola salınır, Dunya Miyatoviçin bu canfəşanlığına araqarışdıranlıq kəlməsindən uğurlu izah tapmaq mümkün deyil. Halbuki, ATƏT-in Qarabağ münaqişəsinin ilk dönəmindən üzərinə götürdüyü əsas missiya araqarışdıranlıq deyil, tam tərsinə, münaqişənin dinc şəraitdə və sülh yolu ilə həllinə nail olunmasında maksimum fəallıq göstərməkdir. Məntiqlə, xanım Miyatoviç bloqqer Lapşinin Azərbaycana verilməsindən ciddi narahat olmuşdusa, ilk öncə məhz Azərbaycanın ombudsmanına müraciət etməli, bununla da təmsil etdiyi qurumun Qarabağ çözümündə tərəfsizliyini göstərməli idi. Üstəlik, söhbət bloqqerin Azərbaycanın beynəlxalq sənədlərdə də birmənalı təsdiqini tapan Qarabağ bölgəsinə qanunsuz səfərindən gedir. O halda maraqlıdır, xanım Miyatoviç hansı əsasla Azərbaycana səyahət edən Rusiya-israil vətəndaşı Aleksandr Lapşinin taleyindən duyduğu narahatlığı Ermənistan ombudsmanı ilə bölüşür?
Nə yazıq ki, bu sualın obyektiv cavabı ATƏT-in xeyrinə deyil...
Samirə