“Özümü yaxşı hiss edirəm, artıq əməliyyat edilən gözüm yaxşı görür. İstəyirəm biləsiniz, professor Paşa Qəlbinur və onun oğlu, tibb elmləri doktoru Tural Qəlbinur əməliyyatı tam olaraq təmənnasız ediblər. Əməliyyat sol gözümdə aparılıb. Yaxın vaxtlarda sağ gözümün əməliyyatını da professora və onun çox savadlı oğluna etibar edəcəyəm”.
Bunu “Bakı-Xəbər”in əməkdaşı ilə söhbətində xalq artisti Flora Kərimova deyib. Yanvarın 25-də Azərbaycan Tibb Universitetinin cərrahiyyə korpusunda sol gözündən əməliyyat olunan xalq artisti Flora Kərimovanın əməliyyatdan bir gün sonra gözlərinin sarğısının açılma prosesində “Bakı-Xəbər” olaraq biz də iştirak etdik. Professor Paşa Qəlbinurun təşəbbüsü ilə qatıldığımız prosesi anbaan izlədik.
P.Qəlbinur bizimlə söhbətində əməliyyatın uğurla keçdiyini qeyd etdi. Onun sözlərinə görə, xalq artistinin sol gözündə yaranan üç problem cərahhiyyə yolu ilə eyni zamanda aradan qaldırılıb:”Gördüyünüz kimi, Flora xanımın gözündə apardığımız əməliyyat uğurlu alınıb. Gözü artıq yaxşı görür. Flora Kərimova bütün zamanların gözəl, füsunkar, qeyri-adi səs tembrinə malik olan sevilən sənətkarıdır. O mənim üç şeirimə yazılan mahnını ifa edib. “Dünya”, “Tale”, “Allahım kömək ol” mahnılarını Flora xanım qeyri-adi dərəcədə ifa edib. Mahnıların bəstəkarı Ətiqə Ələkbərovadı. Flora xanımın əməliyyatı onun öz ifasının sədaları altında keçdi. Bilirsiz ki, musiqi sədaları altında ilk cərrahiyyə əməliyyatını görkəmli cərrah-bəstəkar, Flora xanımın həyat yoldaşı İbrahim Topçubaşov həyata keçirib. Cərrahiyyə zamanı musiqidən ilk dəfə o, istifadə edib. Biz də istifadə etdik, bu ona çox böyük təsir göstərdi”. İradə SARIYEVA