Ermənistan Baş naziri Karen Karapetyanın Moskva səfəri başa çatıb. Lakin belə görünür, Baş nazir ölkəsinə “əliboş” dönüb.
Baki-xeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni hökumət rəhbəri Rusiyadan əsas iltimasları sırasında yer alan məsələlərdən biri ilə bağlı Rusiya Baş nazirindən konkret “yox” cavabı alıb. Söhbət Ermənistanda investisiya fondunun yaradılmasından gedir. Belə ki, Karen Karapetyan belə bir təkliflə Medvedyevə müraciət edərkən Rusiya hökumətinin başçısı “pul yoxdur” deyərək təklifə qəti cavab verib. Nəzərə alınsa ki, ötən illərlə müqayisədə 2016-cı ilin nəticələrinə görə Ermənistana investisiya qoyuluşunda kəskin eniş qeydə alınıb, bu təklifin İrəvan üçün hansı əhəmiyyət kəsb etdiyi bəlli olar. Erməni mətbuatı isə yazır ki, əslində Rusiyanın seçkiqabağı Ermənistana hər hansı dəstəyi gözlənilən də deyildi, çünki Moskvanın İrəvanla heç bir siyasi problemi yoxdur. O üzdən də hakimiyyətə kimin gəlməsinin onun üçün bir önəmi yoxdur və investisiya vasitəsilə hakimiyyəti və ya müxalifəti dəstəkləməyə də lüzum görmür.
Beləliklə, Rusiya Baş nazirinin erməni həmkarına cavabı qısa olub:”Pul yoxdur, amma siz dözün”...