Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.
Yanvarın 16-da ölkə başçısı Davos səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb. Görüşdə Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib və qarşıdakı dövrdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında çox yaxşı əlaqələrin olduğunu bildirərək, bu əməkdaşlığı yüksək qiymətləndirib və müxtəlif layihələrin həyata keçirilməsi üzrə səmərəli əlaqələrin qurulduğunu deyib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara toxunan dövlət başçısı ölkəmizdə özəl sektorun inkişafına daim diqqət göstərildiyini vurğulayıb. Söhbət zamanı son vaxtlar Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əməkdaşlığa yeni imkanlar açdığı qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.