“Exxon-Mobil” şirkətinin keçmiş baş direktoru, ABŞ-ın yeni seçilmiş prazidenti Donald Trampın dövlət katibi postuna namizədliyini verdiyi Reks Tillerson artıq verdiyi maraqlı təkliflə gündəmə gələ bilib.
Baki-xeber.com-un xəbərinə görə, Tillerson deyib ki, yeni hökumətin xarici siyasətdə ilk addımı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoq qurmaq olmalıdır. Həftənin üçüncü günü Senatda çıxış edən Tillerson deyib ki, bu, ABŞ-ın yenidən Yaxın Şərqə qayıtması üçün vacibdir. Onun sözlərinə görə, hazırda şərtləri Türkiyə, Rusiya və İran diqtə edir. “Biz gərək prezident Ərdoğanla və Türkiyə ilə münasibətləri təzələyək, o, NATO-nun ən köhnə müttəfiqidir. Lakin ABŞ-ın yoxluğunda o üzünü Rusiyaya çevirib. Əslində isə anlamalıdır ki, ən stabil müttəfiq ABŞ-dır”- o deyib.
Lakin jurnalistlərin İŞİD-lə mübarizə strategiyası ilə bağlı sualına cavabında Tillerson Türkiyənin maraqlarına zidd mövqe tutacaqlarını göstərməkdən çəkinməyib. O deyib ki, ABŞ Suriya kürdlərindən ibarət YPG-ni dəstəkləyəcək. Türkiyə mətbuatı isə, Tillersonun dediyi bu addımlar reallaşacağı təqdirdə , Türkiyə-ABŞ münasibətlərinin yenidən gərginləşəcəyini bildirir.
Xatırladaq ki, PKK-nın silahlı qanadı olan YPG Ankara tərəfindən terrorçu qrup kimi qəbul olunur.