Bu gün Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Qeyd edilib ki, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü. Prezidentin göstərişinə əsasən, rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi ilə əlaqədar qeyd olunan qəzalı binada yaşayan 34 ailə - 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində “Pilot layihə” formatında 10 mərtəbəli, iki və üç otaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanıb.
Dövlət başçısı binadakı mənzillərdə yaradılmış şəraitlə tanış olub. Daha sonra Prezidentin sakinlərlə görüşü olub. Sakinlər mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına görə Prezidentə minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.