Ötən gecə Xaçmazda "Sərhəd qalxanı" əməliyyatı çərçivəsində silahlı terrorçu məhv edilib.
Baki-xeber.com-un “Sputnik-ə istinadən xəbərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Xaçmaz rayon Polis İdarəsindən olan kolleqaları ilə birgə əməliyyat keçirərək Rusiya-Azərbaycan sərhədində terrorçuluqda təqsirləndirilən bir şəxsi məhv edib. Məlumata görə, həmin şəxs Xaçmazın Düztahiroba kəndinin sakini Ramiq Rəhimov olub. O, təslim olmaq tələbinə məhəl qoymayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə cavab atəşi ilə cinayətkar məhv edilib. Rəhimov Xaçmazın Düztahiroba kəndində yaşayıb və şübhəli həyat tərzi sürüb. Hazırda hüquq-mühafizə orqanları Rəhimovun getdiyi yolun izinə düşməyə çalışır. Əldə olunan məlumata görə, o, xaricdə fəaliyyət göstərən və özünü "Camaatın əmiri" adlandıran terror təşkilarının üzvü olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyatın keçirildiyi yerdə Rəhimov tərəfindən toplanmış silah-sursat aşkarlanıb.
Xatırladaq ki, bazar ertəsi Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal rayonunda iki ölkənin hüquq-mühafizə orqanlarının "Sərhəd qalxanı" adlı birgə illik əməliyyatlarına start verilib. İlkin məlumatlara görə, silahlı Rəhimovun olduğu yer də sözügedən əməliyyat çərçivəsində müəyyən edilib.
Hüquq-mühafizə orqanları "Camaatın əmiri" adlandırılan terror qruplaşmasının digər üzvlərinin izinə düşməyə çalışır.