Avroparlamentdə Rusiya mediasının Avropada apardığı təbliğatla bağlı qətnamə qəbul edilib.
Baki-xeber.com bu barədə CNN.ru-ya istinadən xəbər verir. Xəbərə görə, qətnamədə deyilir ki, Rusiya hökuməti Avropa İttifaqı ərazisində bir sıra kütləvi informasiya vasitələrində təbliğat aparmaqla Aİ-nin dayaqlarını sarsıtmağa çalışır. Polşalı deputat Anna Eljbet Fotıqa tərəfindən təqdim olunan qətnamə layihəsində bu KİV-lərin konkret adı da göstərilir: Sputnik agentliyi, RT, “Russkiy mir”...
Sənəddə deyilir ki, bu tip informasiya vasitələrinin əsas hədəfi Avropa Birliyinin dayaqlarını sarsıtmaq, AB-dəki müəyyən siyasi qüvvələrə təsir etmək və Birlik ölkələrində Ukrayna kimi qonşu dövlətlər barəsində mənfi fikir formalaşdırmaqdır.
AB ölkələrinə Rusiya propoqandasına qarşı mübarizəni koordinasiya etməyin tövsiyə olunduğu sənəd səsvermədə 304 səs lehinə, 178 əleyhinə olmaqla qəbul edilib. 208 nəfər isə bitərəf qalıb.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Avroparlamentin sözügedən qətnaməsini “siyasi deqradasiyanın sübutu” adlandırıb. Eyni zamanda o, qətnamədə adı keçən media orqanlarını “nəticəli işlərilə” bağlı təbrik edib.