Nəsimi Rayon İcra Hakimiyyətinin Bayraq Gününə həsr edilmiş silsilə tədbirləridavam edir.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, həmin tədbirlər çərçivəsində noyabr ayının 8-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Bayrağımız – qürur mənbəyimizdir” videoçarxı nümayiş etdirilib. Videoçarx Azərbaycan bayrağının tarixindən, Bayrağa olan ehtiram,hörmət və məhəbbətimizdən bəhs edir.
Videoçarxda ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbəti əks olunub.
Daha sonra videoçarxda Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə keçirilmiş “Bayrağımız – qürur mənbəyimizdir” yürüşü də əks olunub.
Filmdə, həmçinin, 7 noyabr 2016-cı ildə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində və cəbhə xəttindəki səngərlərdə əsgər və zabitlərlə Bayraq günü münasibətilə keçirilən görüş- bayram tədbiri də yer alır.
Xatırladaq ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çixış edərək, Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və xoş arzularını bildirib. Asif Əsgərov Prezident, Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə tezliklə Azərbaycan bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağına əminliyini bildirib.