Mosuldakı terror qruplaşması dinc əhalidən qalxan kimi istifadə etməyə hazırlaşır.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə gündəlik brifinqdə jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest xəbər verib. O deyib ki, “İslam dövləti” terrorçu qruplaşması Mosuldakı varlığını sürdürmək üçün dinc əhalidən qalxan kimi istifadə etmək niyyətindədir. Terrorçuların bir çox bu tip planlar üzərində işlədiyini bildirən Ernest deyib ki, koalisiya qüvvələri mümkün olduğu qədər çox insanın həyatını xilas etməyə çalışacaq, lakin bu o demək deyil ki, təhlükəsizlik səbəbindən Mosulun azad edilməsi əməliyyatı təxirə salınacaq. Ağ Ev sözçüsü onu da deyib ki, Mosulun azad edilməsi əməliyyatının hazırlanmasında İraqın Baş naziri Haydar Əl-Abadi də iştirak edib və burada qazanılacaq uğurda onun hökumətinin də payı olacaq. Ernestin sözlərinə görə, şəhərin azad edilməsindən sonra onun təhlükəsizliyinə İraq hökuməti cavabdeh olacaq.