Oktyabrın 17-də "Təfəkkür" Universitetində tədbir keçirilib. Yığıncağı giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.
O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyev buna görə təsisçiyə minnətdarlığını bildirib.
M.Atakişiyev universitetin fəaliyyətinə və inkişafına göstərdiyi böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, çıxışında universitetin yaranmasında və formalaşmasında xidmətləri olanların hamısına təşəkkür edib.
Tədbirdə çıxış edənlər universitetin inkişafı üçün göstərdiyi qayğıya görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin, Təhsil Nazirliyinə və ali məktəbin rəhbərliyinə minnətdarlığını bildirərək, professor M.Atakişiyevə isə tezliklə səhhətinin yaxşılaşmasını arzulayıblar.
Xəbər xidməti