İlqar Hüseynli: "Milli Qəhrəman adı verilmiş şəxslərə və onların ailə üzvlərinə ayrılan təqaüd məbləğinin artırılması müsbət addımdır"
Prezident İlham Əliyevin "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında" 11 oktyabr 2016-cı il tarixli fərmanları sosial müdafiə sahəsinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.
"Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 11 oktyabr 2016-cı il tarixli Fərman ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin, onların ailə üzvlərinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin 2005-ci il 14 iyul tarixli, 258 nömrəli Fərmanına əsasən, həmin il avqustun 1-dən Prezidentin aylıq təqaüdlərinin təyin olunmasına başlanıb. Dövlət başçısının 28 avqust 2013-cü il tarixli, 954 nömrəli Fərmanı ilə həmin təqaüdlərin aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq 1000 manata, 11 oktyabr 2016-cı il tarixli Fərmanla isə 30 faiz artırılaraq 1300 manata çatdırılıb. Beləliklə, ötən dövrdə Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği 2,2 dəfə artırılıb.
Milli Qəhrəman adı verilmiş şəxslərin və onların ailəsinin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq təqaüdün məbləğinin artırılması cəmiyyətdə də müsbət qarşılanır.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında qeyd etdi ki, stimullaşdırıcı sərəncamların verilməsi cəmiyyətdə müsbət təkanlara töhfə olur: "Dünyanın əksər ölkələrində belə bir təcrübə var. Müharibədə iştirak etmiş qəhrəmanların sosial müdafiəsinin gücləndirilməsi üçün bu cür addımlar atılır. İnsanlara vətənpərvərlik hissinin aşılanması üçün belə bir qayğının olması təqdirəlayiqdir.
Vətənpərvərlik hissinin insanlarda yüksəlməsi üçün Qarabağ müharibəsi veteranlarının da təqaüdü artırılsa, yaxşı olar. Qarabağ döyüşlərində iştirak edib əlil olan şəxslərə də sosial qayğının artırılması yönündə tədbirlər görülə bilər".
Günel CƏLİLOVA