Vasif Mirzəyev: "Bundan sonra hüquqi baxımdan digər işlərin həyata keçirilməsində heç bir qeyri-adi şey yoxdur"
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə (NK) altı ay müddətində 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin, NK 6 ay müddətində Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə ölkə Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Bəziləri buna fərqli prizmadan yanaşır. Referendumun nəticələrinin tətbiqi barədə müxtəlif mülahizələr səsləndirirlər.
Ümumilikdə hüquqşünasların buna münasibəti necədir?
Məsələyə münasibət bildirən hüquqşünas Vasif Mirzəyevin sözlərinə görə, Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam tam qanunauyğundur: "Burada normativlərin hazırlanması ilə bağlı qaydalarda nəyinsə düzgün yerinə yetirilməməsindən söhbət gedə bilməz. Çünki adətən referenduma çıxarılan dəyişikliklər cəmiyyətin dəstəyini qazanırsa, o zaman həmin yeniliklərin qanunvericiliyə uyğunlaşdırılması prosesinə start verilir. Bizdə də buna uyğun olaraq iş gedir. Məlum olduğu kimi, sentyabrın 26-da keçirilən referendum xalqın böyük dəstəyini qazandı. Bundan sonra hüquqi baxımdan digər işlərin həyata keçirilməsində heç bir qeyri-adi bir şey yoxdur. Hesab edirəm ki, Nazirlr Kabineti 6 ay müddətində normativ-hüquqi aktlarının Referendum Aktına uyğunlaşdırılmasını təmin edə bilər. O cümlədən digər müvafiq qurumlar da bundan irəli gələn məsələləri həll edəcək. Kimsə bununla bağlı fərqli yanaşma sərgiləyirsə, o zaman bunu hüquqi baxımdan əsaslandırmalıdır".
Vidadi ORDAHALLI