İsmayıl Əhməd: "Dövlət tərəfindən belə bir fəaliyyətin qadağan edilməsi əslində cəmiyyətin qorunması istiqamətində atılan uğurlu addımdır"
Azərbaycanda dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumlar qadağan edilir. Bununla bağlı "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik ediləcək.
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan dəyişikliklər layihəsinə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumlar qadağan edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Məsələ barədə fikir bildirən şərqşünas Seyid Camal Əzimbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu vacib və gecikmiş qərardır: "Əsrlərdir Azərbaycanda birlik və bərabərliyin, ənənəvi qeyri-dinlər və ya məzhəblər arasında dini dözümlülüyün qorunması və mühafizə olunması xalqımızın genofondundan gəlir. Bu məsələdə dövlətin uğurlu din siyasəti bütün dünya tərəfindən, hətta bizi sevməyənlər tərəfindən təqdir olunur. Təəssüflər olsun ki, Azərbaycanda radikal, din adı altında fəaliyyət göstərən bəzi qruplar olub. O qrupların vaxtında zərərsizləşdirilməsi baxımından belə bir qərarın verilməsi zəruridir".
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın milli mənafeyini, bütövlüyünü düşünən, Qarabağ adlı dərdimizi anlayan hər bir ölkə vətəndaşı tərəfindən bu qərar alqışlanmalıdır.
İlahiyyatçı alim İsmayıl Əhməd bizimlə söhbətində bildirdi ki, ekstremizm bütün cəhətləri ilə hər bir cəmiyyət üçün əsas təhlükə mənbəyidir: "Dini rəng alınca daha da ciddiləşir. Çünki mözvu artıq insanların inancları ilə əlaqəli olur. Belə cərəyanların yaranması, heç şübhəsiz, bəzi dəstələrin dindən sui-istifadə etməsindən qaynaqlanır ki, onların da arxasında tarix boyu güclü qüvvələr durub. Dövlət tərəfindən belə fəaliyyətlərin qadağan edilməsi əslində cəmiyyətin qorunması istiqamətində atılan uğurlu addımdır və bu işlə dinindən, məzhəbindən asılı olmayaraq, hər bir vətəndaş dövlət orqanları ilə əməkdaşlıq etməlidir. Çünki Allah eləməmiş, hər hansı bir gözlənilməz hadisə baş verdikdə müsəlman, xristian, sünni, şiə arasında fərq qoymadan, hər kəsi özünə qurban edəcək".
Günel CƏLİLOVA