Üzeyir Cəfərov: "Bu dəfə aprel döyüşlərində istifadə olunmayan silahlar işə salınacaq"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxışında bildirib ki, Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır: "Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır".
Z.Həsənov deyib ki, cəbhə xəttində düşmənin təxribatları davam edir və daim artmaqdadır: "Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcək. Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu, bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq".
Z.Həsənov onu da qeyd edib ki, aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi: "Lakin, görünür, onlar bu zərbədən nəticə çıxarmayıb. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək".
Həqiqətən də müşahidələr göstərir ki, işğalçı tərəf aprel məğlubiyyətindən ciddi nəticə çıxarmayıb. Əksinə, danışıqlar uzanır, hərbi ritorika artır, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirilir. Bu baxımdan müdafiə nazirinin səsləndirdiyi fikirləri ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, cəbhə bölgəsində vəziyyət gərgindir: "Çünki düşmən döyüş bölgəsinə kifayət qədər ciddi silahlar gətirib. Zakir Həsənovun açıqlamasında böyük həqiqət var ki, düşmən aprel döyüşlərindən ciddi nəticə çıxarmayıb. Nəticə ona görə çıxarmayıb ki, Azərbaycan aprel döyüşləri zamanı silahlı qüvvələrin çox cüzi bir hissəsini döyüşlərə cəlb etmişdi. Hətta döyüş briqadaları, ağır texnikalar bu proseslərə cəlb olunmayıb. O nöqteyi-nəzərdən ermənilər bu dəfə də ağılsızlıq edəcəksə, Azərbaycan ən ağır və müasir silahları işə salacaq. Ermənilərə heç bir güzəşt olmayacaq. Bunu bir sıra beynəlxalq müşahidəçilər də deyir. O nöqteyi-nəzərdən Azərbaycan müdafiə nazirinin xəbərdarlığı erməniləri bir qədər ayıltmalıdır. Çünki Azərbaycanın silah arsenalında ən müasir silahlar var. Həmin silahlar həm keyfiyyətinə, həm də sayına görə fərqlənir. Ona görə nazir xəbərdarlıq edir ki, ermənilər ağıllarını başlarına yığmalıdır. Bu dəfə aprel döyüşlərində istifadə olunmayan silahlar işə salınacaq".
Vidadi ORDAHALLI