Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referendum) yekun vurulması və referendumun nəticələrinin elan edilməsi ilə bağlı iclası keçirilib (TREND).
Məzahir Pənahov iclasda deyib ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsi lazımi səviyyədə təşkil edilib. M.Pənahov bildirib ki, aşağı seçki komissiyaları operativ şəkildə fəaliyyət göstərib və seçiciləri məlumatlandırıb: “Hər bir Azərbaycan ailəsində Konstitusiyaya dəyişikliklərin mətni var idi və hər bir ailənin Referendum Aktı ilə tanış olmaq imkanı yaranmışdı. Azərbaycan seçicisi artıq öz hüquqlarını yaxşı bilir”.
MSK sədri qeyd edib ki, ilk dəfə idi mətbuat da referendumda hər hansı xoşagəlməz hadisə qeydə almayıb: “Ümumiyyətlə, referendumda hər hansı bir qanun pozuntusu qeydə alınmayıb”.
M.Pənahov bildirib ki, polis əməkdaşlarının seçkilər zamanı asayişin təmin edilməsi istiqamətində fəaliyyəti də yüksək qiymətləndirilir.
O əlavə edib ki, Azərbaycanda seçki prosesi xeyli inkişaf edib, heç bir Avropa ölkəsindən geri qalmır.
MSK-nın katibi Arifə Muxtarova isə məlumat verib ki, sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı aparılan araşdırmalar nəticəsində 3 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib. Onun sözlərinə görə, bir seçki məntəqəsində isə referendumun nəticələri qismən etibarsız hesab edilib.
11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində, 12 saylı Qaradağ-Yasamal-Binəqədi Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində və 68 saylı Cəlilabad Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində referendumun nəticələri tam olaraq, 64 saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə qismən ləğv edilib.
MSK-nın iclasında referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyalarının buraxıldığı da bildirilib. Səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyaları buraxılıb.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrini də təsdiq edib.
İclasda referenduma yekun vurulması və yekunların elan edilməsi barədə də qərar qəbul edilib. Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referendum) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.
Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş Aktın mətni dərc edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.